05.06.18

Məişət cihazlarının təhlükəsiz istismarı

Məişət cihazlarının təhlükəsiz istismarı

Hər bir evdə istifadə olunan televizorun da istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır. Yanğın təhlükəsizliyi qaydaları pozulduqda televizor   mənzilinizdə yanğına, bununla bağlı digər fəsadlara birbaşa səbəb ola bilər. Söz yox ki, bu elektrik məişət cihazıyla diqqətli və çox ehtiyatla rəftar etmək lazımdır. Televizor elektrik xəttinə qoşulduqda isə ona qarşı nəzarət yaddan çıxarılmamalıdır. Televizor elektrik xəttinə qoşularkən qeyri-standart qoruyuculardan istifadə edilməsi,  televizorun uzun müddət fasiləsiz və nəzarətsiz işləməsi,   onun arxa qapağındakı dəliklərə müxtəlif əşyaların düşməsi,  istilik batareyaları yanında və ya mebel içərisində quraşdırılması nəticəsində qızması,  televizor aparatının stabilizator istifadə edilmədən yüksək gərginlikli xətdən qidalanması  yanğın törədən səbəblərdəndir.

Avtomatik termo nizamlayıcılarla təmin edilməmiş elektrik sobalarının istismarına da icazə verilmir. Nasaz elektrik qızdırıcı qurğu və cihazlarının istismarı qəti qadağandır.

Elektrik qurğularının istismarı, elektrik avadanlıqları  və cihazlarının istifadəsi zamanı yanğınların əsasən qısaqapanmalardan baş  verməsini xüsusilə vurğulamaq lazımdır.

Qısaqapanmalar izolyasiyası olmayan və ya  zədələnmiş halda olan iki müxtəlif yüklü elektrik naqilinin biri-biri ilə birləşdiyi zaman baş verir. Mahiyyət etibarı ilə bu, həddindən artıq yüklənmə və  cərəyan qüvvəsinin kəskin surətdə artması ilə müşayiət olunur. Qısaqapanmalar zamanı naqillər bir anda o dərəcədə qızır ki, metal   əriyir,   qığılcım və istilik əmələ gəlir. Əgər qısaqapanma yerində yanacaq materialları və ya yana bilən konstruksiyalar olsa, onlar dərhal alışırlar. Elə buna görə də naqillərin  izolyasiyasının sazlığına daima nəzarət edilməlidir. Bununla yanaşı elektrik şəbəkəsinə enerji işlədən müxtəlif cihazları qoşmaqla artıq yükləmək olmaz. Elektrik şəbəkəsində həddən artıq yüklənmə olduqda naqillərdə ayrılan istiliyin miqdarı artır. Ayrılan istiliyin əksəriyyəti ətrafdakı havaya yayıla bilmədiyi üçün o naqillərin izolyasiyasını qızdıraraq alışdırır. Bu isə yanğınlara səbəb olur.